Azərbaycan qiymətləndiricilərinin vahid reyestri yaradılır
- 10 mart, 2018
- 08:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı.10 mart. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbədənkənar konfransı keçirilib.
“Report”un verdiyi xəbərə əsasən, iclasda Cəmiyyətin İdarə Heyətinin yeni tərkibi və nizamnaməsi təsdiq edilib. Qərara əsasən, İdarə Heyəti cəmi 11 nəfərdən (1 sədr olmaqla, 10 üzv) ibarət olacaq.
Nüsrət İbrahimov AQC-nin sədri kimi təsdiq edilib.
N. İbrahimov bildirib ki, ölkədə qiymətləndirmə bazarı qeyri-peşəkarlarla, risklərlə, təsadüfi adamlarla doludur. Onun sözlərinə görə, buna sertifikatlaşmada vahid mövqenin, qiymətləndiricilərin vahid məlumat bazasının olmaması, hesabatların fərqli olması da təsir edib.
“Bu il milli qiymətləndirmə standartları yenidən işlənəcək, qiymətləndirici şirkətlərin reyestri hazırlanacaq. Növbəti beş ildə qiymətləndirmə bazarının normativ bazası inkişaf etdiriləcək, qiymətləndirmə prosesi tam proqramlaşdırılacaq”,- N.İbrahimov məlumat verib.
Təftiş Komissiyasının sədri Zamin Hüseynov bildirib ki, hazırda AQC-nin sərəncamında 1 688 manat qalıb: “Bu vəsait isə fəaliyyət üçün yetərli deyil. Beynəlxalq Qiymətləndirmə Standartları Şurasına üzv qəbul olunduqda üzvlük üçün 2 500 manat ödənilməlidir ki, bu vəsait hazırda yoxdur”.
Tədbirdə təklif olunub ki, üzvlük haqları qiymətləndiricilərin qiymətləndirmədən əldə etdiyi gəlirdən toplansa daha məqsəduyğun olar və bu bazarda fəallığı artırar.