Azərbaycan Qətərdən zərgərlik məmulatları idxal etməyə başlayıb

Biznes
  • 29 mart, 2024
  • 06:12
Azərbaycan Qətərdən zərgərlik məmulatları idxal etməyə başlayıb

2023-cü ildə Azərbaycan 40,6 milyon ABŞ dolları dəyərində 3 min 255 kiloqram zərgərlik məmulatları (gümüşdən və digər qiymətli metallardan) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyadan 19,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 85,5 kiloqram (+5 %), İsveçrədən 4,4 milyon ABŞ dolları dəyərində (+52 %) 20,7 kiloqram (+24 %), Türkiyədən 3,3 milyon ABŞ dolları dəyərində (+89 %) 1 min 502 kiloqram (+18,1 %), Fransadan 2,7 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 10,6 kiloqram (+2,3 dəfə), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,7 milyon ABŞ dolları dəyərində (+76 %) 22,2 kiloqram (+81 %) məmulat alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qətərdən (24 min ABŞ dolları dəyərində 23,5 kiloqram) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana 23 ölkədən idxal edilən 27 milyon ABŞ dolları dəyərində zərgərlik məmulatlarının 50,4 %-i İtaliyanın payına düşüb.