Azərbaycan Polşa və Səudiyyə Ərəbistanına qarpız ixrac etməyə başlayıb

Biznes
  • 17 fevral, 2024
  • 05:56
Azərbaycan Polşa və Səudiyyə Ərəbistanına qarpız ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 5,2 milyon ABŞ dolları dəyərində 12 min 210 ton qarpız ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 13 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 3,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 % azdır) 5 min 191 ton (-48 %), Ukraynaya 919 min ABŞ dolları dəyərində (+37 %) 3 min 413 ton (+28 %), Gürcüstana 751 min ABŞ dolları dəyərində (+28 dəfə) 2 min 541 ton (+17 dəfə), Estoniyaya 300 min ABŞ dolları dəyərində (+2 dəfə) 668 ton (+18 %), Belarusa 91 min ABŞ dolları dəyərində (-27 %) 351 ton (-29 %) məhsul satıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Polşaya (5,1 min ABŞ dolları dəyərində 20,5 ton) və Səudiyyə Ərəbistanına (40 min ABŞ dolları dəyərində 4,6 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (7 ölkəyə) ixrac edilmiş 14 min ton qarpızın 71,1 %-i Rusiyanın, 19 %-i Ukraynanın payına düşüb.