Azərbaycan ötən il 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac edib
- 29 yanvar, 2024
- 07:53
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycanın qeyri-neft məhsulları 110-dan çox ölkəyə ixrac edilib.
"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan məhsulları əsasən Rusiyaya, qismən isə Türkiyə, Gürcüstan, İsveçrə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Qırğızıstan və Rumıniyaya ixrac edilib.
"Ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord qeydə alınıb. 2023-cü ildə Azərbaycan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2022-ci illə müqayisədə 9,8% çoxdur", - deyə icraçı direktor əlavə edib.
Bundan başqa, AZPROMO rəhbəri deyib ki, “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın təşviqi mexanizmlərinin reallaşdırılması çərçivəsində 2023-ci ildə Azərbaycan şirkətlərinin məhsulları AZPROMO-nun dəstəyi ilə “IGW Green Week 2023” (“Beynəlxalq Yaşıl Həftə”), “World Food Moscow 2023”, “Anuga 2023” və 6-cı Çin Beynəlxalq İdxal Sərgisi kimi irimiqyaslı sərgilərdə vahid ölkə stendində nümayiş olunublar.
Y.Abdullayev qeyd edib ki, “World Food Moscow 2023” və "Anuga 2023” kimi beynəlxalq sərgilərdə meyvə, spirtli içkilər, qənnadı məmulatları, fındıq ləpəsi, nar şirəsi kimi məhsulların ixracına dair 2,6 milyon ABŞ dolları dəyərində müqavilələr imzalanıb.
"Bu ay İraqda "Yaşıl həftə" sərgisində Azərbaycan öz məhsulları ilə təmsil olunub. Bu il Yaponiya, Cənubi Koreya və Almaniyada keçiriləcək sərgilərdə Azərbaycanın iştirakı nəzərdə tutulur", - deyə Y.Abdullayev vurğulayıb.