Azərbaycan OECD-nin İşçi Qrupunun Büro üzvü seçilib
- 02 noyabr, 2026
- 14:51
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşı Təhminə Əsgərova İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fiskal Məsələlər Komitəsinin Transmilli Müəssisələrin Vergiyə Cəlb Edilməsi üzrə 6 saylı İşçi Qrupunun ("Working Party 6") Büro üzvü seçilib.
"Report" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 6 saylı İşçi Qrup qlobal miqyasda transfer qiymətləndirilməsi standartlarının müəyyən edilməsi, transmilli şirkətlərin vergidən yayınma hallarının qarşısının alınması və vergi bazasının aşınması (BEPS) layihəsi üzrə qlobal qaydaların formalaşdırılmasına məsul beynəlxalq platformalardan biridir.
Büro üzvlərinin seçilməsi zamanı namizədlərin beynəlxalq vergi sahəsində bilikləri, eləcə də qlobal vergi dialoquna fəal töhfələri əsas meyarlar kimi nəzərə alınır.
İşçi Qrup Bürosuna üzvlük Azərbaycanın beynəlxalq vergi əməkdaşlığında artan rolunun, Dövlət Vergi Xidmətinin OECD platformalarındakı uğurlu fəaliyyətinin və ölkəmizin bu sahədə institusional potensialının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.