Azərbaycan Litvadan alabalıq tədarükünü bərpa edib
- 17 yanvar, 2025
- 07:54
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 13 milyon ABŞ dolları dəyərində 2 990 ton alabalıq (diri, təzə və ya soyudulmuş, dondurulmuş, hisə verilmiş) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 71 %, kəmiyyət olaraq 80 % çoxdur.
Hesabat dövründə Azərbaycan İrandan 12 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 63 % çoxdur) 2 825 ton (+73 %), Türkiyədən 488 min ABŞ dolları dəyərində (+4 dəfə) 125 ton (+7 dəfə), Ukraynadan 300 min ABŞ dolları dəyərində (+12 dəfə) 18,6 ton (+19 dəfə), Belarusdan 103 min ABŞ dolları dəyərində (-16 %) 5,8 ton (-13 %), Norveçdən 102 min ABŞ dolları dəyərində (+9 dəfə) 12 ton (+13 dəfə) alabalıq alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Litvadan (3,3 min ABŞ dolları dəyərində 0,1 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 1 min 998 ton alabalığın 98,5 %-i İranın payına düşüb.