Azərbaycan Latviyaya mineral su ixracını bərpa edib
- 28 yanvar, 2025
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 989 min ABŞ dolları dəyərində 167,7 min dekalitr mineral su ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 %, kəmiyyət olaraq – 39 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 484 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % çoxdur) 88,27 min dekalitr (+57 %), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 316 min ABŞ dolları dəyərində (+23 dəfə) 20,02 min dekalitr (+6 dəfə), Türkiyəyə 106 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 33,92 min dekalitr (+21 %), Litvaya 17,62 min ABŞ dolları dəyərində (+8,4 %) 5,31 min dekalitr (-7 %), Estoniyaya 15,1 min ABŞ dolları dəyərində (+36 %) 5,71 min dekalitr (+32 %) məhsul satıb.
Azərbaycan 2 il 10 aylıq fasilənin ardından Latviyaya (0,5 min ABŞ dolları dəyərində 0,05 min dekalitr) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycandan 15 ölkəyə ixrac edilmiş 125 min dekalitr mineral suyun 47,2 %-i Rusiyanın, 24 %-i Türkiyənin payına düşüb.