Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası gələn il keçiriləcək - EKSKLÜZİV

Biznes
  • 09 sentyabr, 2026
  • 17:29
Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası gələn il keçiriləcək - EKSKLÜZİV

İsrail-Azərbaycan Hökumətlərarası Komissiyasının V iclasının 2027-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfiri Ronen Kraus məlumat verib.

Komissiyanın əvvəlki, IV iclası 2025-ci il noyabrın 20-də Qüdsdə baş tutub.

"Növbəti iclas 2027-ci ildə Azərbaycanda keçirilməlidir. Hələ ki, dəqiq detallar yoxdur, lakin plan məhz belədir", - səfir vurğulayıb.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrail tərəfindən isə ölkənin maliyyə naziri Zeev Elkindir.

İkitərəfli iqtisadi və texnoloji əməkdaşlığın prioritet istiqamətlərindən danışan R.Kraus informasiya texnologiyaları, innovasiyalar, süni intellekt və kibertəhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin perspektivli olduğunu qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq artıq bir neçə ildir ki, inkişaf edir və bu əməkdaşlıqda yerli akademiyalardan biri də iştirak edir: "Süni intellekt üzrə anlaşma memorandumu imzalanıb. Bu məsələ müzakirə olunur və bu istiqaməti irəli aparmağa çalışırıq".

Siyasi səviyyədə ikitərəfli dialoqun davamı isə iki ölkənin Xarici İşlər nazirlikləri arasında növbəti məsləhətləşmələr olacaq.

R.Kraus bildirib ki, hazırda İsrail və Azərbaycan onların keçirilmə tarixinin razılaşdırılması üzərində işləyir: "Məsləhətləşmələr İsraildə keçirilməlidir, çünki bundan əvvəlki raund Azərbaycanda baş tutub. Hələ ki, dəqiq tarix yoxdur. Oktyabrın 27-nə planlaşdırılan seçkilər və digər məsələlər qrafikə təsir edir. Lakin ümid edirik ki, bu, yaxın vaxtlarda baş tutacaq".

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarının yekunlarına əsasən ölkələr arasında ticarət dövriyyəsi 41,76 milyon ABŞ dolları (il ərzində 26,58 % artıb) təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin I rübünün yekunlarına əsasən, Azərbaycanın İsrail iqtisadiyyatına birbaşa xarici investisiyaları 5,131 milyon ABŞ dolları (il ərzində 664 dəfə artıb) təşkil edib. Hesabat dövründə İsrailin Azərbaycana birbaşa xarici investisiyaları 1,159 milyon ABŞ dolları (-4,18 %) olub.

2025-ci ilin yekunlarına görə, Azərbaycanın İsrailə birbaşa xarici investisiyaları 543,027 milyon ABŞ dolları (+1356 dəfə) təşkil edib. İnvestisiyaların kəskin artımı Aralıq dənizindəki "Tamar" qaz yatağının işlənməsi üzrə layihə ilə bağlıdır.