Azərbaycan İndoneziyaya qeyri-neft məhsullarının ixracının genişləndirilməsində maraqlıdır
- 24 noyabr, 2026
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan tərəfi İndoneziya şirkətlərinə istehsal obyektlərinin təşkili, birgə müəssisələrin yaradılması və onların regionda iştirakının genişləndirilməsi perspektivlərini nəzərdən keçirməyi təklif edib.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin qlobal şəbəkələr və xarici tərəfdaşlarla qarşılıqlı fəaliyyət departamentinin beynəlxalq əməkdaşlıq və qlobal biznes əlaqələri sektorunun rəhbəri Urfan Nəbiyev Bakıda keçirilən Azərbaycan-İndoneziya biznes forumunda çıxışı zamanı bildirib.
"Biz Azərbaycanla İndoneziya arasında bir sıra prioritet sahələrdə iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün böyük potensial görürük. İlk növbədə, söhbət ikitərəfli ticarətin artırılmasından və ixrac axınlarının stimullaşdırılmasından gedir. Bizim üçün yüksək ixrac potensialına malik malları müəyyən etmək, bazarlara çıxışı asanlaşdırmaq və Azərbaycanın qeyri-neft məhsulları üçün satış kanalları qurmaq xüsusilə vacibdir", - U.Nəbiyev vurğulayıb.
Agentliyin nümayəndəsi qeyd edib ki, Azərbaycan müəssisələr arasında əlaqələrin qurulmasına, perspektivli tərəfdaşların axtarışına və B2B formatında görüşlərin, işgüzar missiyaların və müvafiq sahələr üzrə tədbirlərin təşkilinə böyük əhəmiyyət verir: "Agentliyimiz İndoneziya biznesini Azərbaycandakı işgüzar və investisiya mühiti haqqında məlumatla təmin etməyə, onlarla yerli tərəfdaşlar arasında qarşılıqlı əlaqə qurmağa və müvafiq dövlət strukturları ilə işi əlaqələndirməyə hazırdır".