Azərbaycan iki ölkədən paltaryuyan maşın idxalını bərpa edib

Biznes
  • 07 mart, 2024
  • 08:43
Azərbaycan iki ölkədən paltaryuyan maşın idxalını bərpa edib

2023-cü ildə Azərbaycan 52,3 milyon ABŞ dolları dəyərində 228 min 343 ədəd paltaryuyan maşın (tutumu 10 kq quru paltardan çox olmayan) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 26,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 dəfə çoxdur) 109 min 909 ədəd (+3,7 dəfə), Türkiyədən 12,7 milyon ABŞ dolları dəyərində (+2,1 dəfə) 65 min 533 ədəd (+2,5 dəfə), Polşadan 5 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 13 min 724 ədəd (+2,8 dəfə), Rusiyadan 4,1 milyon ABŞ dolları dəyərində (-83 %) 17 min 334 ədəd (-79 %), Almaniyadan 1,3 milyon ABŞ dolları dəyərində (+48 %) 2 min 41 ədəd (+53 %) məhsul alıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (ABŞ, 49 min ABŞ dolları dəyərində 7 ədəd) və 1 il 3 aydan sonra Belarusdan (44,5 min ABŞ dolları dəyərində 209 ədəd) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (27 ölkədən) idxal edilmiş 165 583 ədəd paltaryuyan maşının 49,7 %-i Rusiyanın, 17,9 %-i Çinin payına düşüb.