Azərbaycan içki və sirkə idxalına çəkdiyi xərci 53 % artırıb
- 28 fevral, 2025
- 16:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 7,1 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, eləcə də sirkə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 4,3 milyon ABŞ dolları dəyərində içki və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 39,2 % çoxdur.
Yanvarda içki və sirkə idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,35 %-ni, bu məhsuların ixracından əldə olunan gəlir isə ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.
Xatırladaq ki, yanvarda Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 70,5 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 64,8 % artıb, idxal isə 79,7 % artıb.
Son nəticədə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 40,5 % çoxdur.