Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri müzakirə olunub

Biznes
  • 16 fevral, 2018
  • 07:44
Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri müzakirə olunub
Economy.gov.az

Bakı. 16 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Gürcüstanın baş nazirinin I müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə “Report”a Iqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

Ş.Mustafayev ölkələr arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin genişləndiyini vurğulayıb. O, diqqətə çatdırıb ki, təkcə 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb. Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətli enerji və tranzit layihələrinin iştirakçısı olduğunu qeyd edən nazir ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olduğu ölkələrin iqtisadiyyatı, eləcə də regionun tranzit və loqistika imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Ş.Mustafayevin sözlərinə görə,  bu yaxınlarda Pekində (Çin) Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə “Bir kəmər və bir yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş beynəlxalq konfrans keçirilib, Çin tərəfi Trans-Xəzər dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini və əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, konfrans çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ilə görüşdüyünü və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, tranzit imkanlarına dair fikir mübadiləsi apardıqlarını qeyd edib. Nazir Gürcüstanla iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair də fikirlərini bölüşüb.

D.Kumsişvili hər iki ölkə arasında iqtisadi sahədə əlaqələrin inkişafından məmnun olduğunu bildirib, Gürcüstana yatırılan investisiyaların məbləğinə görə Azərbaycanın I yerdə olduğunu vurğulayıb. Gürcü nazir Pekində keçirilmiş konfransda hər iki ölkənin iştirakçısı olduğu nəqliyyat layihələrinin və regionun tranzit potensialının Azərbaycan tərəfindən yüksək səviyyədə təqdimatını müsbət qiymətləndirib və minnətdarlığını bildirib, belə tədbirlərin digər ölkələrdə də keçirilməsinin əhəmiyyətini qeyd edib.

44 filmi