Azərbaycan ən çox qeyri-neft məhsullarını Rusiyaya ixrac edib

Biznes
  • 30 oktyabr, 2021
  • 05:40
Azərbaycan ən çox qeyri-neft məhsullarını Rusiyaya ixrac edib

Bu ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (64,2 milyon ABŞ dolları) birinciliyi qoruyub saxlayıb.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr buraxılışında bildirilir.

Hesabatda deyilir ki, bu siyahıda Türkiyə ikinci (47,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,2 milyon ABŞ dolları) olub.

Qeyd edək ki, ötən ilin sentyabr ayında ən çox qeyri neft-qaz məhsulları Rusiyaya (35,7 milyon ABŞ dolları), İsveçrəyə (27,8 milyon ABŞ dolları), Türkiyəyə (25,1 milyon ABŞ dolları), Gürcüstana (7,6 milyon ABŞ dolları) və İrana (6,9 milyon ABŞ dolları) ixrac edilib.

Bu ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (18,5 milyon ABŞ dolları) birinci, qızıl (18,1 milyon ABŞ dolları) ikinci və metanol (15,7 milyon ABŞ dolları) üçüncü olub.

Xatırladaq ki, 2020-ci ilin sentyabr ayında bu siyahıda qızıl (25,8 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (9,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (8,3 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-sentyabr ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda bu şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Local Garden” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Baku Steel Company” MMC, “Sun Food” MMC, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, Hidayətov Təyyar Hidayət oğlu, “Bulder 007 LTD” MMC.