Azərbaycan daha iki ölkədən portağal şirəsi tədarük etməyə başlayıb

Biznes
  • 13 oktyabr, 2023
  • 08:31
Azərbaycan daha iki ölkədən portağal şirəsi tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 703 min ABŞ dolları dəyərində 427 ton portağal şirəsi gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11,4 %, kəmiyyət olaraq – 1,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 337 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 267,3 ton (+2,6 dəfə), İsraildən 163 min ABŞ dolları dəyərində (+65 %) 70,7 ton (+37 %), Braziliyadan 132,1 min ABŞ dolları dəyərində (-22 %) 47,7 ton (-25 %), Niderlanddan 36,7 min ABŞ dolları dəyərində 9,4 ton (bir il əvvəl tədarük olmayıb), Avstriyadan 17,3 min ABŞ dolları dəyərində (+88 %) 14,1 ton (+77 %) portağal şirəsi alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyadan (0,3 min ABŞ dolları dəyərində 0,3 ton) və Türkmənistandan (2,6 min ABŞ dolları dəyərində 6,2 ton) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 684 ton portağal şirəsinin 38 %-i Rusiyanın, 21,7 %-i Ukraynanın payına düşüb.