Azərbaycan daha 3 ölkəyə zərgərlik məmulatları ixrac etməyə başlayıb
- 09 mart, 2023
- 08:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan 27 milyon ABŞ dolları dəyərində 2 min 651 kiloqram zərgərlik məmulatları (gümüşdən və digər qiymətli metallardan) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 34 % çoxdur.
Hesabat dövründə İtaliyadan 14 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çoxdur) 80,6 kiloqram (+7 %), İsveçrədən 2,9 milyon ABŞ dolları dəyərində (+20 %) 15,6 kiloqram (+66 %), Türkiyədən 1,75 milyon ABŞ dolları dəyərində (+20 %) 1 min 272 kiloqram (+44 %), Amerika Birləşmiş Ştatlarından 1,6 milyon ABŞ dolları dəyərində (+39 %) 12,3 kiloqram (+43 %), Tailanddan 1,2 milyon ABŞ dolları dəyərində (+29 %) 225 kiloqram (+62,3 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycandan 684 min ABŞ dolları dəyərində (-17 %) 12,37 ton (+3,6 dəfə) zərgərlik məmulatları (gümüşdən və digər qiymətli metallardan) ixrac edilib.
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 332,3 min ABŞ dolları dəyərində 7,1 ton, Böyük Britaniyaya 145 min ABŞ dolları dəyərində 0,2 ton, İtaliyaya 135,1 min ABŞ dolları dəyərində (+3 dəfə) 0,6 ton (+2,5 dəfə), İsveçrəyə 44 min ABŞ dolları dəyərində (-93 %) 0,2 ton (-92,3 %), İspaniyaya 13 min ABŞ dolları dəyərində 0,8 ton, Qazaxıstana 6,8 min ABŞ dolları dəyərində 1,1 ton, Belçikaya 6,3 min ABŞ dolları dəyərində 0,8 ton və Türkiyəyə 2 min ABŞ dolları dəyərində (-46 %) 1,5 ton (+25 dəfə) məhsul satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikaya, BƏƏ-yə və Qazaxıstana tədarük həyata keçirilib.
Üç il 8 ayın tamamında Böyük Britaniyaya və 2 il 9 aylıq fasilənin ardından İspaniyaya ixrac bərpa edilib.