Azərbaycan bu il Stavropoldan 467 min ton taxıl məhsulları alıb
- 21 dekabr, 2023
- 11:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il Azərbaycan Rusiyanın Stavropol vilayətindən 467,296 min ton taxıl məhsulları (buğda, qarğıdalı, arpa, darı, yulaf və noxud) alıb.
"Report" bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycan bölgənin əsas taxıl məhsulları alıcısı olub.
Hesabat dövründə Stavropoldan ümumilikdə 823,729 min ton taxıl məhsulu ixrac edilib. Azərbaycandan sonra bölgədən əsas taxıl məhsulları alıcısı Belarus (155,701 min ton) və Ermənistan (116,083 min ton) olub.
Ümumilikdə Stavropol taxılı Gürcüstan, İraq, İran, Türkiyə, Pakistan, Əfqanıstan, Özbəkistan, Monqolustan, Qırğızıstan, Tacikistan və İsrail də daxil olmaqla 14 ölkəyə tədarük edilib.
İxrac edilən məhsullar taxıl məhsullarının karantin fitosanitar vəziyyətini və idxalçı ölkələrin karantin fitosanitar tələblərinə uyğunluğunu müəyyən etmək üçün laboratoriyalarda yoxlanılıb.