Azərbaycan bu il Saratovdan 52 min ton ərzaq buğdası və qarğıdalı idxal edib
- 02 mart, 2023
- 08:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Saratov və Samara vilayətləri üzrə idarəsi bu ilin əvvəlindən bölgədən ixrac edilmiş 156,4 min ton taxıl və onun emal məhsullarını yoxlayıb.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, ixracın 128,3 min tonu Saratov vilayətindən, 28,1 min tonu isə Samara vilayətindən həyata keçirilib.
Hesabat dövründə Saratov vilayətindən xaricə 23 partiyada 113,8 min ton dənli və paxlalı bitkilər, 14,5 min ton taxıl emalı məhsulu göndərilib. Bu məhsulların ən böyük idxalçısı Azərbaycan (52,4 min ton ərzaq buğdası və qarğıdalı) olub. Onu Qazaxıstan (24,5 min ton ərzaq buğdası və qarğıdalı), İran (22,8 min ton yemlik qarğıdalı), Əfqanıstan (10,8 min ton buğda) və Latviya (7,4 min ton un) izləyib.
Bu il Samara vilayətindən isə 15 ölkəyə ixrac həyata keçirilib. Bölgədən xaricə 17,2 min ton dənli və paxlalı bitkilər və 10,9 min ton taxıl emalı məhsulları göndərilib. Bu məhsulların ən böyük tədarükü Latviya (13,8 min ton), Qazaxıstan (9,3 min ton), Qırğızıstan (1,1 min ton) və Özbəkistanın (0,6 min ton) payına düşüb.