Azərbaycan bu il metanol ixracından qazancını 17 %-ə yaxın artırıb
- 21 dekabr, 2024
- 12:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 94 milyon 896,4 min ABŞ dolları dəyərində 441 min 23 ton metanol (metil spirti) ixrac edilib.
“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 16,6 % artıb, həcmi isə 2 % azalıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 3,58 % təşkil edir.
Noyabrda isə ölkədən 11 milyon 41,8 min ABŞ dolları məbləğində 39 min 65 ton metil spirti ixrac edilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 33,5 % çox və 29,3 % azdır.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan 2 milyard 648 milyon 607,36 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.