Azərbaycan bu il 31 milyon dollarlıq şəkər və qənnadı məmulatları ixrac edib

Biznes
  • 21 oktyabr, 2024
  • 09:42
Azərbaycan bu il 31 milyon dollarlıq şəkər və qənnadı məmulatları ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 31 milyon 127,05 min ABŞ dolları dəyərində 40 min 42,95 ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 75,2 %, həcmi isə 73,2 % artıb.

Sentyabrda isə ölkədən 6 milyon 930,6 min ABŞ dolları məbləğində 9 min 003,78 ton şəkər və şəkərdən qənnadı məmulatları ixrac edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 24 dəfə və 32 dəfə çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında şəkər və qənnadı məmulatlarının payı 1,5 % təşkil edir.

Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.