Azərbaycan Bolqarıstana mebel tədarük etməyə başlayıb
- 10 oktyabr, 2023
- 08:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 25,8 milyon ABŞ dolları dəyərində 137 min 774 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq 12 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 18,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18 % çoxdur) 95 min 657 ədəd (+8,3 %), İtaliyadan 3,7 milyon ABŞ dolları dəyərində (+33 %) 4 min 346 ədəd (+74 %), Belarusdan 1,1 milyon ABŞ dolları dəyərində (+17 %) 6 min 435 ədəd (+67 %), Rusiyadan 938 min ABŞ dolları dəyərində (-12 %) 12 min 895 ədəd (+40 %), Çindən 621 min ABŞ dolları dəyərində (-28 %) 11 min 308 ədəd (-0,7 %) mebel alıb.
Hesabat dövründə Azərbaycan 1,5 milyon ABŞ dolları dəyərində (-46 %) 10 min 238 ədəd (-51 %) mebel ixrac edib.
Azərbaycandan Səudiyyə Ərəbistanına 415,2 min ABŞ dolları dəyərində (+12 dəfə) 820 ədəd (-0,5 %), Amerika Birləşmiş Ştatlarına 371,4 min ABŞ dolları dəyərində (-41,6 %) 5 min 748 ədəd (-53 %), İtaliyaya 193 min ABŞ dolları dəyərində 398 ədəd (bir il əvvəl tədarük olmayıb), Qazaxıstana 153,2 min ABŞ dolları dəyərində (-65 %) 293 ədəd (-45 %), Gürcüstana 153 min ABŞ dolları dəyərində (-76 %) 1 min 277 ədəd (-73 %) mebel satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bolqarıstana (0,05 min ABŞ dolları dəyərində 1 ədəd) tədarük həyata keçirilib.