Azərbaycan Belarusa şərabçılıq məhsullarının ixracını artıra bilər

Biznes
  • 11 fevral, 2017
  • 14:00
Azərbaycan Belarusa şərabçılıq məhsullarının ixracını artıra bilər

Bakı.11 fevral.REPORT.AZ/ Azərbaycandan Belarusa bir sıra malların, xüsusilə şərabçılıq məhsullarının ixracı genişləndirilə bilər.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Şahin Mustafayevin Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçlə görüşündə müzakirə edilib. 

Görüşdə Azərbaycan rəsmisi iki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, indiyə qədər tərəflər 30-dan çoxu iqtisadi sahədə olmaqla, 100-dən çox sənəd imzalayıb: "Belarusda 69 Azərbaycan şirkəti, Azərbaycanda isə 31 Belarus şirkəti fəaliyyət göstərir. Ötən il ölkələr arasında ticarət dövriyyəsi 33% artıb. Gəncə Avtomobil Zavodunda Minsk Traktor və Avtomobil zavodları ilə birgə istehsal təşkil edilib və 2007-2016-cı illərdə 10 mindən çox traktor, avtomobil, qoşqular və digər avadanlıqlar istehsal edilib. Bundan başqa, tütün və pambıq ixracının artırılması barədə Azərbaycan və Belarus şirkətləri arasında 2 müqavilə, bir sıra digər sahələr üzrə niyyət memarandumları imzalanıb”.

Ş. Mustafayev qeyd edib ki, iqtisadi əlaqələrin daha da inkişafı üçün böyük imkanlar var. Qarşılıqlı ticarət əməkdaşlığının genişləndirilməsi, Azərbaycan məhsullarının Belarusa ixracının artırılması məqsədilə Belarusda "Azərbaycan Ticarət Evi"nin təşkilinə başlanıb. 

Görüşdə Belarusa ixrac missiyasının təşkili, Azərbaycan mallarının, o cümlədən xüsusilə şərabçılıq məhsullarının ixracının genişləndirilməsi, birgə müəssisələrin yaradılması, sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə predmeti olub.