Azərbaycan Avstriyadan şüşə tara tədarükünü bərpa edib

Biznes
  • 21 iyun, 2025
  • 12:41
Azərbaycan Avstriyadan şüşə tara tədarükünü bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 12,8 milyon ABŞ dolları dəyərində 74 milyon 539 min ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 22 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 10,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 27 % çoxdur) 58,35 milyon ədəd (+18 %), İtaliyadan 477 min ABŞ dolları dəyərində (+5 dəfə) 181,4 min ədəd (+99 %), Gürcüstandan 811 min ABŞ dolları dəyərində (-8 %) 4,7 milyon ədəd (-3 %), Türkiyədən 528 min ABŞ dolları dəyərində (+77 %) 2,4 milyon ədəd (+56 %), Çindən 346 min ABŞ dolları dəyərində (+98 %) 5,71 milyon ədəd (+76 %) məhsul alıb.

Azərbaycan 2 il 7 aylıq fasilənin ardından Avstriyadan tədarükü (1,6 min ABŞ dolları dəyərində 3,12 min ədəd) bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 211 milyon 551 min ədəd şüşə taranın 80 %-i Rusiyanın payına düşüb.