Azərbaycan ADB ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Biznes
  • 20 fevral, 2026
  • 12:12
Azərbaycan ADB ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Asiya İnkişaf Bankı (ADB) arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir müavini Azər Bayramov ADB-nin Dövlət sektorunun idarə edilməsi və idarəçilik sektoru ofisinin regional direktoru Navendu Karanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

Görüşdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin, eləcə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan islahatlar barədə məlumat verilib.

Azərbaycanda iqtisadiyyatın rəqəmsal transformasiyasının əsas prioritetlərdən olduğu və bu istiqamətdə süni intellekt əsaslı həllərin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər qeyd olunub. Eyni zamanda, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, mütərəqqi beynəlxalq təcrübələrin tətbiqi, rəqəmsal nəzarət mexanizmlərinin genişləndirilməsi üzrə görülən işlər nəzərə çatdırılıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti