Azər Əmiraslanov: "Azərbaycan tarixində tamamilə yeni mərhələyə qədəm qoyur"

Biznes
  • 09 dekabr, 2025
  • 12:02
Azər Əmiraslanov: Azərbaycan tarixində tamamilə yeni mərhələyə qədəm qoyur

Qalib Azərbaycan dövləti öz tarixində tamamilə yeni mərhələyə qədəm qoyur.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında 2026-cı ilin büdcə zərfinə daxil olan qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, postmüharibə dövrü adlandırdığımız bu mərhələdə taleyüklü məsələlərin büdcə zərfində nəzərə alınması onun unikallığını ifadə edir: "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası, ölkəmizin təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat tranzit infrastrukturunun dəstəklənməsi və bütün bunların sosial müdafiə tədbirləri ilə müşayiət edilməsi yeni büdcə sənədinin həm əsas xüsusiyyəti, həm də üzərinə düşən başlıca missiyadır."

O qeyd edib ki, büdcə zərfi dövrün çağırışlarını nəzərə almaqla, həm də maliyyə təhlükəsizliyinin gücləndirilməsini, o cümlədən valyuta ehtiyatlarımızın qorunmasını hədəfləyir.

A.Əmiraslanov bildirib ki, hazırda ​Cənubi Qafqaz üzrə regional iqtisadiyyatın yarıdan çoxu Azərbaycanın payına düşür: "Təkcə qeyri-neft sektorunun həcmi region üzrə iki qonşu ölkənin ayrı-ayrılıqda ümumi daxili məhsulundan xeyli çoxdur. Dövlət büdcəmizin qeyri-neft gəlirləri də hər iki ölkənin büdcə gəlirlərini üstələyir. ​Sülh gündəliyinin de-fakto reallaşdırılmasından sonra yeni bir tarixi mərhələyə qədəm qoyuruq.

Dövlətimiz döyüş meydanında qətiyyətlə və ləyaqətlə döyüşdüyü kimi, əməkdaşlıq müstəvisində də dostluğu və tərəfdaşlığı səmimiyyətlə və ləyaqətlə edir. Azərbaycan söz sahibi olan regional güc kimi qonşularının da iqtisadi inkişafında maraqlıdır. ​Biz iqtisadi problemlərimizi bildiyimiz qədər, iqtisadiyyatımızın gücünü və qüdrətini, inkişaf potensialını və imkanlarını, istifadə edilməmiş resurslarını və perspektivlərini də çox yaxşı bilirik. Azərbaycan Cənubi Qafqazda iqtisadi arxitekturanı müəyyənləşdirən lider dövlətdir. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına töhfə verməyə hazırdır. Lakin nəzərə alınmalıdır ki, regionun dayanıqlı iqtisadi inkişafı, iqtisadi inteqrasiya perspektivləri yalnız və yalnız sülh gündəliyinə əməl etməkdən keçir".

Son xəbərlər

Bütün Xəbər Lenti