“Azenco”nun rəhbərliyi dəyişəcək

Biznes
  • 04 yanvar, 2022
  • 06:29
“Azenco”nun rəhbərliyi dəyişəcək

Martın 10-unda keçiriləcək “Azenco” ASC-nin səhmdarlarının növbədənkənar illik ümumi yığıncağında şirkətin İdarə Heyətinin, Müşahidə Şurasının və maliyyə-təftiş komissiyasının yeni tərkibi seçiləcək.

“Report” xəbər verir ki, yığıncaq saat 14-00 Mingəçevir şəhəri, M.Füzuli küçəsi, 29/16 (Dövlət Dram Teatrı) ünvanında olacaq.

Yığıncağın gündəliyinə həmçinin şirkətin illik hesabatı, balans hesabatının təsdiqi, Müşahidə Şurasının, eləcə də maliyyə-təftiş komissiyasının hesabatı, maliyyə nəticələrinin müzakirəsi və mənfəətin bölüşdürülməsi və cari məsələlər daxildir.

Xatırladaq ki, “Azenco” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6,837 milyon manat, qanuni təmsilçisi isə Faiq Heybət oğlu Ağayevdir.

Azərbaycanda tikinti və quraşdırma, xüsusilə energetika layihələri üzrə əsas podratçılardan sayılır. Şirkət çoxsaylı dövlət təşkilatlarının layihələrinin icraçısı olub. Xüsusilə ölkədə elektrik enercisi stansiyalarının tikintisində əsas icraçı olub. O cümlədən "Sumqayıt Elektrik Stansiyası"nın tikintisi layihəsində "SIEMENS" şirkətinin əsas yerli podratçısı, “Şimal-2” elektrik stansiyasının tikintisində “Mitsubishi Heavy Industries” , “ABB” və “Alstom” şirkətlərinin yerli podratçısı və “Cənub Elektrik stansiyasının tikintisində "General Electric"şirkətinin yerli podratçısı kimi çıxış edib. Baş podratçı qismində "Azenco" şirkəti Azərbaycanda müxtəlif gücdə modul tipli elektrik stansiyalarının tikintisini həyata keçirib. Bu stansiyaların əsas avadanlıqlarının təchizatçısı Finlandiyanın "Wartsila" şirkəti olub.

"Azenco" ASC Azərbaycanda istilik elektik stansiyalarının layihələndirilməsi, tikintisi və təmiri üzrə "Mərkəzi İstehsal Təmir" müəssisəsinin bazasında yaradılıb və özəlləşdirilərək "Azenco" ASC-yə çevrilib. Ölkənin elektroenergetika sənayesinin bütün layihələrində iştirak etməklə yanaşı, o, "Dövlət Bayrağı Meydanı" və "Bakı Kristal Hall" layihələrinin tikintisini həyata keçirib.