AZCON müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər
- 17 sentyabr, 2026
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibindəki müəssisələrə öz maliyyə resurslarını dövlət satınalmaları prosedurlarından kənar istifadə etmək səlahiyyəti verilə bilər.
"Report"un məlumatına görə, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin I müavini Cəfər Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılmış "Dövlət satınalmaları haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bununla bağlı ilk təşəbbüslə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çıxış edib: "Həmin qanunun 3-cü maddəsi istisnalara həsr olunub. Orada 3.2.8-ci maddə mövcuddur ki, kommersiya müəssisələri öz vəsaitlərindən istifadə etdikdə "Dövlət satınalmaları haqqında" qanunun tələblərindən azad olurlar. Yəni özlərinin təsdiqlədiyi qaydalar əsasında öz maliyyə vəsaitlərini ehtiyac duyduqları malların əldə edilməsinə sərbəst şəkildə yönəldə bilərlər. Ümumiyyətlə, bu mexanizm necə yaranıb, problem hansı şəkildə meydana çıxıb? Qanun layihəsinin hazırlanması prosesində bir sıra müəssisələr, dövlət təşkilatları təşəbbüslə çıxış edərək bildirdilər ki, kommersiya müəssisələrinin operativ işini təmin etmək baxımından "Dövlət satınalmaları haqqında" qanunun tələbləri çox mürəkkəbdir".
C. Babayev bildirib ki, söhbət SOCAR-dan, "Aqrarkredit"dən, "Azərbaycan Dəmir Yolları"ndan, "Azərbaycan Beynəlxalq Bankı"ndan (ABB) gedir - bunların hamısı kommersiya xarakterli müəssisələrdir: "Lakin o vaxt qanun layihəsi qəbul edilərkən müəyyən limitlər və məhdudiyyətlər müəyyənləşdirildi. Birincisi, bu müəssisələrin "öz vəsaitləri" dedikdə yalnız onların özlərinin qazandığı maliyyə resursları nəzərdə tutulur. Əgər həmin vəsaitlər birbaşa onların gəlirləridirdirsə, bu pulları qanunun tələblərindən kənar xərcləmək imkanına malikdirlər.
İkincisi, digər məhdudlaşdırıcı amil ondan ibarətdir ki, bu müəssisələrdə Müşahidə Şurası fəaliyyət göstərməlidir. Əgər kommersiya müəssisəsi olsa belə, Müşahidə Şurası mövcud deyilsə, müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi və ya müəyyənləşdirdiyi qurumdan – hazırki halda bu, əsasən Prezidentin səlahiyyətinə aid olan məsələlərdir – icazə alaraq "Dövlət satınalmaları haqqında" qanun çərçivəsində həmin vəsaitləri xərcləməlidir.
Üçüncü məhdudiyyət isə odur ki, onlar bu fəaliyyət qaydalarını mütləq təsdiq etməlidirlər. Hazırda bu müəssisələrin, məsələn, SOCAR-ın, ABB-nin öz daxili qaydaları mövcuddur. Bu qaydalar formalaşdırılıb və şəffaf, aydın formada tətbiq olunur. Dördüncü məhdudiyyət isə qanunvericiliyə əlavə etdiyimiz norma ilə bağlıdır ki, onlar öz qaydalarına uyğun vəsait xərcləsələr belə, həmin xərclər üzrə müqavilələrin bağlanması xüsusi rəqəmsal maliyyə platforması vasitəsilə həyata keçirilməlidir. Başqa sözlə, Maliyyə Nazirliyi onların sərf etdiyi bütün vəsaitləri, hətta öz maliyyə resurslarını xərclədikləri halda belə, izləyə biləcək".
C. Babayevin sözlərinə görə, qeyd edilən 3.2.8-ci maddə artıq qüvvədədir: "Zaman keçdikcə bir sıra dəyişikliklər baş verdi və konkret olaraq "AZCON Holding" təsis olundu. Holdinqin tərkibində olan müəssisələr də operativ fəaliyyətlə məşğuldurlar. Bu siyahı kifayət qədər genişdir. Buraya "Azərbaycan Hava Yolları" (AZAL), "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) və "Bakı Metropoliteni" QSC-lər, həmçinin "Aztelekom" MMC daxildir. Bu müəssisələrin hər biri kommersiya yönümlü qurumlardır. Onların əsas məqsədi gəlir əldə etmək və səmərəli fəaliyyət göstərməkdir. Bir müddət əvvəl bu holdinq yarandıqdan sonra biz təkliflə çıxış etdik ki, həmin müəssisələr də eyni kateqoriyaya daxil edilsin. Konkret olaraq 3.2.8.1-ci maddə "AZCON Holdinq"in müəssisələrinə oxşar hüququ təmin etmək məqsədilə irəli sürülən dəyişiklikdir".