“Avrora Qrup” və AzQAC Şabranın kəndlərində xeyriyyə aksiyası keçirib
- 18 sentyabr, 2023
- 06:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), “Avrora Qrup"un maliyyə dəstəyi ilə yeni tədris ilinin başlaması ərəfəsinə təsadüf edən “Məktəbə qayıdış” (Back to School) adlı xeyriyyə aksiyası keçirib.
Xeyriyyə aksiyası çərçivəsində Şabran rayonunun kəndlərində yaşayan məktəblilər çanta və digər məktəb ləvazimatları ilə təmin edilib. Beləliklə də xeyriyyə aksiyasında 1-6-cı sinif şagirdləri olan 50 uşağa hədiyyələr çatdırılıb. Məktəblilər ümumi çəkisi 1 tondan artıq çanta, penal, qələm, dəftər və şagirdlərin sinfinə uyğun olaraq digər zəruri məktəb ləvazimatları kimi 1 illik tədarük ilə təmin olunub.
100 ildən artıq şanlı tarixə malik AZQAC ölkədə dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AzQAC milliyyətinə, cinsiyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan 1920-ci ildən bəri insanlara humanitar yardım göstərir.
“Avrora Qrup”un distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulub. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. “Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “KraftHeinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir.
AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində “HÖP”, “SMS”, “MilliÖn”, “eManat”, “hesab.az”, “PAŞA Bank”, “Bank of Baku”, “ABB”, “UniBank” mobil əlavələr üzərindən və istənilən bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyacı olan insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.
Korporativ sosial məsuliyyəti həyata keçirən bütün şirkətlər və təşkilatlar, o cümlədən fərdi sahibkarlar və xeyriyyəçilər AzQAC-la əməkdaşlıq etmək üçün bu ünvana müraciət edə bilərlər: corporate@redcrescent.org.az.