Avropa İnvestisiya Bankı Azərbaycan şirkətlərinə əməkdaşlıq təklif edir
- 26 sentyabr, 2018
- 06:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Report”a ASK-dan məlumat verilib.
Məlumata görə, görüşdə özəl sektorun inkişafına təkan verəcək layihələr müzakirə edilib. V.Hudak bildirib ki, Azərbaycana səfəri çərçivəsində önəmli görüşlər keçirib. Prezident İlham Əliyevlə görüşünün əhəmiyyətindən danışan qonaq ölkəmizə səfərinin Avropa İnvestisiya Bankı ilə Azərbaycanın özəl sektoru arasında yeni əməkdaşlıq imkanlarının yaranacağına ümid etdiyini bildirib.
O, həmçinin deyib ki, təmsil etdiyi qurum yeni innovasiya xarakterli layihələri dəstəkləməyə hazırdır. Bugünədək mikrokreditlər, kiçik və orta sahibkarlara maliyyə yardımı etdiklərini deyən qonaq böyük investisiya layihələrini dəstəkləməyə hazır olduqlarını bildirib. Onlara müraciət edən layihələrin ekspertlər tərəfindən dəyərləndirildikdən sonra qəbul edildiyini qeyd ediblər. V. Hudak bildirib ki, şərtlərə əsasən maliyyə dəstəyindən faydalanmaq istəyən şirkətlər ən azı 12 il fəaliyyət göstərməli və təqdim edilən layihənin dəyərinin 50%-ni (15 mln. ABŞ dollarından az olmamaq şərtilə) qarşılamalıdırlar.
“AİB layihəni dəyərləndirdikdən sonra büdcənin qalan hissəsini qarşılaya bilər. İstisna olaraq, enerji layihələrin 75%-ni dəstəkləməyə hazırıq. Lakin, həmin şirkətlərin müvafiq balans hesabı olmalıdır. Biz həmçinin yerli tərəfdaşlarla birgə əməkdaşlığa hazırıq”- deyə V.Hudak bildirib.
M.Musayev isə bildirib ki, Avropanın nüfuzlu təşkilatının ASK ilə görüşündən məmnundur. Ölkədə özəl sektorun inkişafına göstərilən dövlət qayğısından söhbət açan M.Musayev ÜDM özəl sektorun payının artmasını, günü-gündən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərinin sayının artdığını qeyd edib. M.Musayev rəhbərlik etdiyi qurumun AİB-lə əməkdaşlığa hazır olduğunu deyib.
Daha sonra gələcək əməkdaşlıaqla bağlı geniş fikir mübadiləsi aparılıb.