Astanada Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının lll iclası keçirilib
- 21 oktyabr, 2025
- 12:07

Astana şəhərində Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində "İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın yeni üfüqləri" mövzusunda İşgüzar Şuranın III iclası keçirilib.
"Report" xəbər verir ki, biznes forum İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Qazaxıstan investisiya tərəfdaşlığı, Qazaxıstan biznesinin ölkədəki fəaliyyəti, eləcə də yeni əməkdaşlıq imkanları, o cümlədən ölkənin xüsusi iqtisadi zonaları barədə məlumat verib. Qazaxıstan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Murat Karimsakov iki ölkə arasında iqtisadi əlaqələrin yeni səviyyəyə yüksəldiyini və şuranın fəaliyyətinin biznes dairələrinin bu prosesdə fəal iştirakına güclü dəstək verdiyini bildirib.
Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, sahibkarlara göstərilən dəstək və İşgüzar Şuranın biznes subyektləri arasında əlaqələrin inkişafında rolunu qeyd edib. İşgüzar Şuranın Azərbaycan tərəfindən həmsədri Emin Sadiq və Qazaxıstan tərəfindən həmsədri Dauren Bimov isə şuranın ötən iclasından sonra əldə edilmiş nəticələr və gələcək fəaliyyət istiqamətləri barədə danışıblar.
Qeyd edək ki, tədbirin sonunda iclasın nəticələri ümumiləşdirilib və hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən 14 şirkət Qazaxıstan və Azərbaycan arasında işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunub.