Armands Krauzen: "Azərbaycan mallarının Avropa bazarına çıxışı üçün "qapı" rolunu oynamağa hazırıq"

Biznes
  • 15 aprel, 2026
  • 15:47
Armands Krauzen: Azərbaycan mallarının Avropa bazarına çıxışı üçün qapı rolunu oynamağa hazırıq

Latviya Azərbaycan mallarının inteqrasiya olunmuş e-ticarət həlləri və logistika mərkəzləri daxil olmaqla, Avropa bazarına çıxışı üçün "qapı" rolunu oynamağa hazırdır.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzen Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın 9-cu iclasında bildirib.

O, kənd təsərrüfatı sektoru və meşə təsərrüfatında gələcək əməkdaşlıq üçün güclü potensial gördüyünü vurğulayıb: "Latviyanın qida təhlükəsizliyinə nəzarət sisteminin Azərbaycan tərəfindən tanınması aqrar-qida sahəsində əməkdaşlığın gələcək inkişafı üçün etibarlı zəmin yaradır".

Nazir, həmçinin Latviyanın Azərbaycan üçün Avropaya açılan logistik mərkəz ola biləcəyini qeyd edib: "Nəqliyyat sahəsi iqtisadi əməkdaşlıqla konkret biznes fəaliyyəti arasında birləşdirici bənd rolunu oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında artan əməkdaşlığı alqışlayırıq. Biz həyati əhəmiyyət kəsb edən sahələrdə Aİ tərəfindən irəli sürülən təşəbbüslər və layihələr çərçivəsində əməkdaşlıq imkanlarını araşdırırıq".

A. Krauzen iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün yeni platformanın yaradılmasını təklif edib: "İşgüzar təmasların möhkəmləndirilməsi üçün effektiv platforma rolunu oynaya biləcək Latviya-Azərbaycan Biznes Əməkdaşlıq Şurasının yaradılmasının vacibliyini vurğulamaq istərdim. Proqnozlaşdırıla bilən, şəffaf və biznes üçün əlverişli mühit əsas prioritet olaraq qalır".