AMEA-nın institut direktoru: “Mənbəyi Ermənistandan olan su resursları ekoloji monitorinq edilir"

Biznes
  • 22 noyabr, 2022
  • 13:18
AMEA-nın institut direktoru: “Mənbəyi Ermənistandan olan su resursları ekoloji monitorinq edilir

“Mənbəyi Ermənistandan olan su resurslarının ekoloji monitorinqinin aparılması xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə artıq ciddi addımlar atılır”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Baş direktoru İslam Mustafayev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin noyabrın 16-da təsdiq etdiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da ekoloji məsələlərə xüsusi diqqət yetirilib.

"Dövlət başçısının ötən il fevralın 2-də təsdiq etdiyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində işğaldan azad olunmuş ərazilərin bərpası, abadlaşdırılması və məskunlaşdırılması önəmli bir prioritet kimi qarşıya qoyulub. Son 2 ildə bu sahədə uğurlu fəaliyyətlər həyata keçirilir. Bu günlərdə təsdiq olunmuş "Böyük Qayıdışa dair Dövlət Proqramı" da bu məsələlərə diqqətin artdığını göstərir. Bu dövlət proqramında ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini və s. kimi prioritet istiqamətlərdə genişmiqyaslı işlərin həyata keçirilməsi planlaşdırılıb", - deyə alim qeyd edib.

İ.Mustafayevin sözlərinə görə, Prezident dəfələrlə Qarabağın “Yaşıl enerji” zonasına çevriləcəyini bəyan edib. Bu da həmin ərazilərdə radiasiya məsələlərinə nəzarətin güclü olacağı anlamına gəlir: "İşğaldan azad olunmuş ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi, ərazilərdə meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təmini kimi məsələlər əsas prioritetlərdən birini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinatorluğu ilə əlaqədar təşkilatların, o cümlədən bizim İnstitutun iştirakı ilə ekoloji və kimyəvi monitorinqlər aparılıb.

İşğaldan azad olunmuş ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi, ərazilərdə meşə fondunun, flora və faunanın bərpası, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə, bərk məişət tullantılarının idarə edilməsi üçün müasir infrastrukturla təmini kimi məsələlər əsas prioritetlərdən birini təşkil edir".

"Bundan sonra aparılacaq infrastruktur yaradılması işlərində ətraf mühitin çirklənməsinə yol verməmək və orada məskunlaşacaq əhalinin yüksək rifahını təmin etmək üçün qəbul edilən sənəddə “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik və istilik enerjisi Külək və Günəş enerjisinin hesabına təmin olunacaq. Ətraf mühitə karbon emissiyaları atmayan azkarbonlu “yaşıl texnologiya”lardan istifadə olunacaq.

Dayanıqlı inkişafın BMT-nin müəyyən etdiyi bütün hədəflərinə çatmaq üçün lazımi resurslardan, o cümlədən sudan və torpaqdan səmərəli istifadə üsulları tətbiq olunacaq, tullantılar müasir standartlara uyğun idarə olunacaq. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın yerinə yetirilməsi qanunvericilik və institusional, o cümlədən maliyyə resursları ilə təmin olunub. Bu işlərdə elm sektorunun üzərinə böyük vəzifələr düşür və ümid edirik ki, prosesdə fəal iştirak edəcəyik”, - deyə o əlavə edib.