Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə İşçi Qrupunun iclası keçirilib
- 23 noyabr, 2017
- 09:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 noyabr. REPORT.AZ/ Ötən gün Berlində Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun VII iclası keçirilib.
İclasda İşçi Qrupunun həmsədri, Azərbaycan İqtisadiyyat Nazirliyi Aparatının rəhbəri Səmir Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyəti İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyi, SOCAR və Azərbaycan İnvestisiya Şirkətinin rəsmilərindən ibarət olub.
Azərbaycanın Almaniyadakı səfirliyindən “Report”a verilən məlumata görə, iclasda Almaniyanı İşçi Qrupunun həmsədri, Federal İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadi siyasət İdarəsinin baş direktoru Ekhard Frantsın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Almaniyan nümayəndə heyətinə müxtəlif federal nazirliklərin nümayəndələri, eləcə də Alman İqtisadiyyatının Şərq Komitəsinin, Şərqi Avropa Biznes Assosiasiyasının, Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının, Almaniya Ticarət və İnvestisiya Agentliyinin təmsilçiləri daxil olublar.
İclas zamanı iki ölkə arasında iqtisadi münasibətlər, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, enerji sektorunda, enerjiyə qənaət və alternativ enerji, təhsil, menecer təlimi, əczaçılıq, kənd təsərrüfatı, turizm və inkişaf naminə tərəfdaşlıq sahələrində əməkdaşlıq ətrafında müzakirələr keçirilib.
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov da İşçi Qrupunun iclasında iştirak edib.
Görüşün sonunda İşçi Qrupunun VIII iclasının 2018-ci ilin payızında Bakıda keçirilməsi razılaşdırılıb.