Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına 267 milyon dollar investisiya yatırılacaq
- 04 noyabr, 2025
 - 13:17
 
                            
                            
                        Azərbaycanın işğaldan azad edilmiş ərazilərdəki Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına layihələrin icrası çərçivəsində təxminən 267 milyon ABŞ dolları investisiya yatırılacaq.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, eyni zamanda işğaldan azəd edilmiş ərazilərdə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması məqsədilə yaradılan Ağdam və Araz vadisi iqtisadi zonası sənaye parklarında 50 sahibkarlıq subyekti rezident, 7 sahibkarlıq subyekti qeyri-rezident kimi qeydiyyatdan keçib: "Layihələrin icrası çərçivəsində təxminən 267 milyon ABŞ dolları məbləğində investisiyanın yatırılması və 4 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur".
O, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası ilə bağlı qeyd edib ki, i̇şğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələrə əhatə edən bir sıra layihələrin icrasının məqsədi ilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb: "Bu sərmayələrin iqtisadi artıma təsiri gələcək dövrlərə təsadüf etsə də, sosial və dövlətçiliyimizin gücləndirilməsinə yönəlmiş addım nöqtə nəzərindən əvəzsiz və bizim üçün prioritet olan sərmayə istiqaməti olaraq qalır".