Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılacaq
- 02 oktyabr, 2026
- 16:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur.
Bu barədə "Report" İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, "Ağdam Agro Yağ" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Şirkət Parkın ərazisində investisiya dəyəri 14,2 milyon manat olan layihə həyata keçirəcək. Layihə çərçivəsində rafinə edilmiş və rafinə edilməmiş günəbaxan, qarğıdalı, soya və pambıq yağlarının istehsalı nəzərdə tutulur.
Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanına əsasən, 190 hektar ərazidə yaradılıb. Məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.
Parkda sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Burada rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən tam azaddırlar. Eyni zamanda, istehsal məqsədilə idxal olunan texnika, avadanlıq və xammal 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilir.
Bununla yanaşı, sahibkarlar üçün sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.