Aftab Xatib: “Azərbaycan yükdaşımalarının həcmini artırmaq üçün vaqonların sayını çoxaltmalıdır”
- 22 noyabr, 2023
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan dəmir yolu ilə yükdaşımaların həcmini artırmaq üçün vaqonların sayını çoxaltmalıdır.
Bunu “Report”a açıqlamasında Xəzər regionunda aparıcı əmtəə ticarət şirkəti olan “Integral” Qrupun logistika qolu olan “Caspian Container Company”nin icraçı direktoru Aftab Xatib (Aftaab Khatib) deyib.
“Yüklər var, lakin bəzi nüanslar bütün yüklərin daşınmasına imkan vermir. Yükdaşımaların həcmini artırmaq üçün digər vacib məqam Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteyner terminalının tutumunun genişləndirilməsidir”, - deyə o qeyd edib.
İcraçı direktor bildirib ki, İsveçrə mərkəzli “Caspian Container Company” üçün Azərbaycan böyük tranzit mərkəzidir: “Hər il kifayət qədər böyük həcmdə yük Bakı limanı vasitəsilə Azərbaycan üzərindən daşınır. Şirkət öz ofislərinin sayını artırır. Hazırda Azərbaycan da daxil olmaqla 12 ölkədə ofisi var və növbəti mərhələdə Qırğızıstan və Tacikistanda da öz mərkəzlərini açmağı planlaşdırır. Eyni zamanda bəzi ölkələrdə ofislərin sayını da artırırıq. İlk olaraq Qazaxıstan və Gürcüstanda bunu etmişik. Şirkətin strateji hədəfi Xəzər regionunda genişlənməkdir”.
A.Xatibin sözlərinə görə, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ölkənin tranzit imkanlarına müsbət təsir göstərəcək: “Hazırda bununla bağlı rəy vermək çətindir. Geosiyasi vəziyyətdən çox şey asılıdır. Buna görə gözləməli və müşahidə aparmalıyıq. Amma yenə də düşünürəm ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin müsbət nəticələrini görəcəyik”.