ABŞ və Azərbaycanın qarşılıqlı investisiya qoyuluşu 17 mlrd dolları keçib
- 29 oktyabr, 2021
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan və ABŞ arasında əməkdaşlığın gələcək inkişafı üçün istifadə edilməmiş xeyli imkanlar mövcuddur".
Bunu “Report”a ABŞ-Azərbaycan Ticarət Palatasından (USACC) bildiriblər.
“USACC bu imkanların öyrənilməsi və onlardan tam istifadə olunması məqsədilə hər iki tərəf üçün şərait yaradılması istiqamətində missiyasını davam etdirəcək. Hazırda ABŞ 13 milyard dollardan çox investisiya ilə Azərbaycan iqtisadiyyatına ən çox yatırım edən ölkələr sırasındadır. Azərbaycan isə ABŞ istiqrazlarına və digər bazarlara fəal şəkildə investisiya yatırmaqdadır. Nəticədə, iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşu 17 milyard dollardan çoxdur.
ABŞ və Azərbaycan energetika və beynəlxalq təhlükəsizlik məsələləri kimi strateji sahələrdə əməkdaşlıq edir. Son üç onillikdə hər iki ölkə özünü etibarlı və effektiv tərəfdaş kimi sübut edib. ABŞ Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Cənub Qaz Dəhlizi kimi strateji layihələrin icrasında Azərbaycana hərtərəfli dəstək verib. Hazırda hər iki boru xətti Azərbaycanın və Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasında və Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rola malikdir”, - deyə qurumdan qeyd ediblər.
USACC-dan onu da bildiriblər ki, koronavirus (COVID-19) pandemiyası şirkətlərin fəaliyyətinə mənfi təsir edib: “Bununla belə, USACC əsasən onlayn platformanın texnoloji üstünlüklərindən istifadə edərək missiyasını davam etdirib. Bu müddətdə biz vebinarlar, onlayn brifinqlər keçirmişik, Azərbaycanın və ABŞ-ın dövlər və özəl sektor nümayəndələri arasında birbaşa danışıqların təşəbbüskarı olmuşuq. Məqsədimiz maraqlı tərəflər arasında açıq əlaqəni dəstəkləmək, tərəflərin razılaşdırılmış layihə və ideyalara riayət etməsinə nəzarət etmək olub”.