ABŞ-nin işgüzar dairələri Qarabağın bərpasında iştiraka maraq göstərir

Biznes
  • 11 mart, 2022
  • 11:49
ABŞ-nin işgüzar dairələri Qarabağın bərpasında iştiraka maraq göstərir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə nazir ABŞ-la iqtisadi tərəfdaşlığın inkişaf etdiyini qeyd edib. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini vurğulayan M.Cabbarov Azərbaycanın ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu, regional təhlükəsizlik və əməkdaşlıq, iqlim dəyişikliyi, enerji, su və ərzaq təhlükəsizliyi və digər istiqamətlərdə əməkdaşlıq imkanlarını vurğulayıb. O, bildirib ki, pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, biznesin aktiv fəaliyyətə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir və bu məqsədlə institusional islahatların həyata keçirilməsini tələb edən hədəflər müəyyənləşdirilib.

Ə.Nifti ABŞ-nin işgüzar dairələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştiraka maraq göstərdiklərini diqqətə çatdırıb.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb. Xəzər Siyasət Mərkəzinin nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulur.