ABŞ-dan Azərbaycana duz tədarükü bərpa edilib

Biznes
  • 08 dekabr, 2022
  • 09:15
ABŞ-dan Azərbaycana duz tədarükü bərpa edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1,732 milyon ABŞ dolları dəyərində 16 min 922 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35,1 %, kəmiyyət olaraq – 20,3 % çoxdur.

Hesabat dövründə Rusiyaya 1,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,8 % çoxdur) 12 min 055 ton (+3,7 %), Gürcüstana 642,81 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 4 min 775 ton (+96 %), Ukraynaya 10,12 min ABŞ dolları dəyərində 69,7 ton, Latviyaya 1,42 min ABŞ dolları dəyərində 20 ton (bir il əvvəl tədarük olmayıb) və Estoniyaya 0,19 min ABŞ dolları dəyərində 1,5 ton məhsul göndərilib.

İki il 4 aylıq fasilənin ardından Ukraynaya, 1 il 9 aylıq aradan sonra Estoniyaya tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycan xaricdən 974,76 min ABŞ dolları dəyərində (-32 %) 8 min 559 ton (-24 %) duz alıb.

İrandan 487,49 min ABŞ dolları dəyərində (+78,3 %) 6 min 093 ton (+78,1 %), Rusiyadan 162,93 min ABŞ dolları dəyərində (-35 %) 1 min 013 ton (-43 %), Ukraynadan 132,1 min ABŞ dolları dəyərində (-83,4 %) 993 ton (-83 %), Türkiyədən 85,72 min ABŞ dolları dəyərində (-4,4 %) 240,6 ton (+0,8 %), Pakistandan 38,95 min ABŞ dolları dəyərində 49,79 ton (bir il əvvəl tədarük olmayıb) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistandan tədarük həyata keçirilib. Dörd il 3 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 5,14 min ABŞ dolları dəyərində 19 ton və 0,04 min ABŞ dolları dəyərində 0,01 ton duz idxal edilib.

44 - Tezliklə