136 KOB subyektinin məhsullarının ticarət şəbəkələrində satışı təşkil olunub
- 23 oktyabr, 2025
- 11:44

İndiyə qədər Azərbaycanda 136 kiçik və orta biznes (KOB) subyektinin məhsullarının ticarət şəbəkələrində satışı təşkil olunub.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Məlumata görə, bunun 44-ü 2025-ci ilin ötən dövrünün payına düşüb.
KOBİA mikro və kiçik sahibkarların istehsal etdikləri məhsulların dövlət dəstəyi hesabına tanıdılmasına və satışına dəstək üçün iri ticarət şəbəkələrində ayrıca stendlər götürərək, bu məhsulların satışını təşkil edir. Bu dəstək həmçinin, KOB-ların yaratdığı yeni brendləri və yerli məhsulları təşviq edir.
Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən mikro və kiçik sahibkarlıq subyektləri istifadə edə bilərlər. Bunun üçün qida məhsulları istehsal edən mikro və kiçik sahibkarlar elektron qaydada Agentliyə müraciət edə bilərlər. Hazırda ticarət şəbəkələrində mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışını həyata keçirmək üçün 8 satış nöqtəsi fəaliyyət göstərir. Qaydalar, satış yerləri və müraciət formasını doldurmaq üçün KOB-lar keçid linkinə daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər: https://smb.gov.az/az/nav/ticaret-sebekelerine-cixis-1