Ziya Hacılı: "Fermerlər daha rahat şəraitdə fəaliyyət göstərirlər"
- 09 oktyabr, 2026
- 14:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Fermerlər əvvəlki illərlə müqayisədə daha rahat şəraitdə fəaliyyət göstərirlər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı III Beynəlxalq Aqro Biznes Forumunda deyib.
Onun sözlərinə görə, müstəqillik dövrünə nəzər salsaq, Azərbaycan kənd təsərrüfatı və bu sahədə fəaliyyət göstərən sahibkarlar çox çətin, keşməkeşli yollardan keçiblər: "Digər sektorlarımızdakı sahibkarları müzakirə etmirəm, amma kənd təsərrüfatı çağırışlarla və çətinliklərlə dolu bir dövrdən keçib".
O qeyd edib ki, indi isə vəziyyət çox ümidvericidir: "Biz müqayisə apara bilən fermerlərik. Bu işə yeni başlayanlar bəlkə də daha rahat şəraitdə fəaliyyət göstərirlər. Çünki subsidiyalar, dəstəklər və təşviqlər var. Birbaşa Rayon İcra Hakimiyyətinə müraciət edə, müvafiq qurumlarla əlaqə saxlaya, Kənd Təsərrüfatı Nazirliyinə gəlib görüşə bilirlər. Dünən bir fermer mənə müraciət edib, onun üzünü heç görməmişəm. Bildirib ki, Aqrar Kredit və İnkişaf Agentliyində subsidiya ilə bağlı problemi var. Bir zənglə dərhal onu orada ən yüksək səviyyədə qəbul etdilər. Heç bir rəsmi müraciətə ehtiyac olmadan məsələ ilə maraqlandılar. Yəni mən olmasam belə, fermerlər üçün elə bir rahatlıq yaradılıb ki, bu, əvvəlki illərlə müqayisədə çox böyük nailiyyətdir".