Zeynal Nağdəliyev: "Aqrar dəyər zəncirinin hər hansı həlqəsi qırıldıqda istehsal iqtisadi dəyərə çevrilə bilməz"

ASK
  • 12 iyun, 2026
  • 13:37
Zeynal Nağdəliyev: Aqrar dəyər zəncirinin hər hansı həlqəsi qırıldıqda istehsal iqtisadi dəyərə çevrilə bilməz

Azərbaycana gətirilən məhsulların yerli istehsalının genişləndirilməsi və bu yolla özünütəminlik göstəricisinin artırılması bütün sahibkarlar üçün prioritet məsələlərdən birinə çevrilməlidir.

"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr edilmiş regional müşavirədə bildirib.

Onun sözlərinə görə, özəl sektor nümayəndələri dövlət proqramının reallaşdırılmasında mühüm rol oynamalıdır: "İnvestorları çağırıram ki, hazırda idxal edilən məhsulların yerli istehsalına öz töhfələrini qoysunlar. Aqrar sahənin davamlı inkişafı təkcə dövlət dəstəyi hesabına deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, habelə texnologiya və suvarma həlləri təklif edən özəl sektor subyektlərinin aktiv iştirakı sayəsində mümkün ola bilər. Buna görə də gələcək dövrdə özəl sektor yalnız istehsalçı qismində deyil, aqrar dəyər zəncirinin əsas iştirakçısı və hərəkətverici qüvvəsi kimi çıxış etməlidir".

Z. Nağdəliyev həmçinin qeyd edib ki, fermer məhsul yetişdirir, emal müəssisəsi isə həmin məhsula əlavə dəyər qatır: "Logistika və saxlama infrastrukturu məhsul itkisinin qarşısını alır, ixracatçı isə məhsulu beynəlxalq bazarlara çatdırır. Nəzərə alınmalıdır ki, bu zəncirin istənilən bir halqası zəifləyəndə istehsalda əldə olunan nəticə tam iqtisadi dəyərə çevrilə bilmir. Təsdiq edilmiş dövlət proqramının 4 il yarım müddətində icra olunmalı olduğunu hesaba alsaq, proqramın həyata keçirilməsinə təxirə salınmadan başlanmalı və vaxt itirilməməlidir".