Zəngilanın Ağalı kəndində "Qarabağa qayıdış" adlı ilk Texnika Festivalı keçirilib - YENİLƏNİB
- 30 sentyabr, 2026
- 16:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Zəngilan rayonunun Ağalı kəndində təşkil olunan "Qarabağa qayıdış" adlı ilk Texnika Festivalı başa çatıb.
"Report"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, "Qarabağa Qayıdış – İlk Texnika Festivalı" Kənd Təsərrüfatı Nazirliyi və "Prior Leasing" ASC-nin təşkilatçılığı, Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Frstival azad olunmuş ərazilərdə kənd təsərrüfatının müasir texnologiyalar əsasında bərpasına dövlət və özəl sektorun birgə töhfəsini nümayiş etdirib.
Tədbirin əsas məqsədi Qarabağda fəaliyyət göstərən fermerlərin ehtiyaclarını yaxından öyrənmək və onların qabaqcıl kənd təsərrüfatı texnikalarına çıxış imkanlarını genişləndirmək olub.
Festival çərçivəsində fermerlər "New Holland", "Lovol", "Solis", "Väderstad", "Maschio Gaspardo", "Agrotech", "Parlayan" və "Abollo" kimi dünya brendlərinin texnikaları ilə əyani tanış olublar, mütəxəssislər tərəfindən texnikaların imkanları təqdim edilib və suallar cavablandırılıb. Bildirilib ki, texnikalar 40 % dövlət subsidiyası, ilkin ödənişsiz və 7 ilədək faizsiz lizinq şərtləri ilə fermerlərə təqdim olunur. Qeyd edilib ki, texnikalardan daha səmərəli istifadə olunması üçün fermerlərə 3–6 aylıq operator təlimlərinin keçirilməsi və aqrotexniki dəstək göstərilməsi də nəzərdə tutulub.
Festival çərçivəsində müxtəlif yarışlar və əyləncə proqramları təşkil olunub, uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb.
Zəngilan rayonunun Ağalı kəndində "Qarabağa qayıdış" adlı ilk Texnika Festivalı başlayıb.
"Report"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, festivalda müxtəlif at gücündə və müxtəlif şirkətlərin istehsalı olan traktorlar, kotanlar, torpaqəzən, dərmançiləyən aqreqatlar, taxılbiçən kombaynlar, həmçinin yolsuzluq avtomobilləri nümayiş etdirilir.
Tədbiirdə fermerlər üçün xüsusi sərfəli satış təklifləri irəli sürülüb.
Qeyd olunub ki, festivalın məqsədi Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı və fermerlər üçün yaradılan yeni imkanlar barədə ictimaiyyətin məlumatlandırılmasıdır.