Xüsusi nümayəndə: "Ağdam iqtisadi güc mərkəzlərindən biri olacaq"
- 05 oktyabr, 2026
- 12:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdamın iqtisadi güc mərkəzlərindən birinə çevrilməsi gözlənilir.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib.
"Vaxtilə Ağdam rayonunda 21 min hektardan çox üzüm bağı olub və respublikadakı üzüm bağlarının 28 %-ni təşkil edib. Ağdamın kənd təsərrüfatı və emal sənayesi sahəsində bütün Sovet İttifaqında böyük çəkisi var idi. Bunların hamısı həm insan kapitalı, həm də ətraf mühit - təbii şərait nəticəsində ərsəyə gəlmişdi. İnanırıq ki, Prezidentin rəhbərliyi altında Ağdam əvvəlki şöhrətini özünə qaytaracaq, burada gözəl layihələr reallaşacaq, rayon Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi güc mərkəzlərindən birinə çevriləcək", - deyə o qeyd edib.
Bundan başqa, E.Hüseynovun sözlərinə görə, bu ilin sonuna qədər Ağdamda əhalinin sayının 21 minə çatacağı gözlənilir: "Bu gün Ağdam şəhərində 3 mindən çox, ümumilikdə isə rayonunda (3 kəndlə birlikdə) 8 mindən çox insan yaşayır. Məskunlaşma prosesi davam edəcək. Bütün el-aləm bilir ki, ağdamlılar öz torpağına necə bağlıdırlar. Bu bərəkətli torpağı məhz ağdamlıların necə bərpa edəcəklərini, necə qaldıracaqlarını hamımız bilirik və bunu səbirsizliklə gözləyirik. Bunun üçün dövlət üzərinə nə düşürsə onu edir. Ölkə Prezidentinin bu yaxınlarda qəbul etdiyi aqrar sahə ilə bağlı Dövlət Proqramı müxtəlif təşviq mexanizmlərini özündə ehtiva edir".