Türkiyənin kənd təsərrüfatı texnikası istehsalçısı Azərbaycana illik ixrac həcmini açıqlayıb

ASK
  • 15 may, 2025
  • 19:11
Türkiyənin kənd təsərrüfatı texnikası istehsalçısı Azərbaycana illik ixrac həcmini açıqlayıb

Türkiyənin kənd təsərrüfatı texnikaları və avadanlıqları istehsal edən “Gəncgüçsan” şirkəti hər il Azərbaycana 500 min ABŞ dolları dəyərində 50 ədəd texnika ixrac edir.

Bu barədə “Report”a açıqlamasında şirkətin nümayəndəsi İsmayıl Özay bildirib.

Onun sözlərinə görə, “Gəncgüçsan” artıq 20 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərir: “Azərbaycanda rəsmi ofisimiz fəaliyyət göstərir və satışlarımız birbaşa həmin ofis vasitəsilə həyata keçirilir. Xüsusilə bağçılıq sektoru üzrə texnikalara tələbat yüksəkdir”.

Şirkət nümayəndəsi əlavə edib ki, “Gəncgüçsan” 1999-cu ildə kənd təsərrüfatı sahəsində istifadə olunan avadanlıqların istehsalı məqsədilə yaradılıb:
“Qısa müddətdə müasir texnologiyaların tətbiqi və inkişaf etmiş istehsal parkı sayəsində şirkətimiz sektorda öncül mövqe əldə edib. 2010-cu ildən etibarən isə ixracata xüsusi diqqət yetirməyə başlamışıq. Həmin dövrdən müştərilərin ehtiyaclarına uyğun olaraq müasir istixana sistemləri üçün avadanlıqların istehsalına da start verilib”.

Qeyd edək ki, “Gəncgüçsan” bu il Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştirak edən 450-yə yaxın beynəlxalq şirkətdən biridir. Tədbirlərdə ümumilikdə 30-dan artıq ölkə təmsil olunur. Sərgilərin coğrafiyasına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstan daxildir.

Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri Lanka və ilk dəfə olaraq Misir sərgilərdə milli stendlərlə iştirak edirlər.