Türkiyə tullantı sularının idarə edilməsində regional əməkdaşlığı genişləndirməyə hazırdır

ASK
  • 19 iyun, 2026
  • 13:03
Türkiyə tullantı sularının idarə edilməsində regional əməkdaşlığı genişləndirməyə hazırdır

Türkiyə tullantı suları və ətraf mühitin monitorinqi ilə bağlı regional ölkələrlə əməkdaşlığın gücləndirilməsinə hazırdır.

"Report" xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Əbubəkir Gizligider Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, Türkiyə tullantı suları və ətraf mühitin monitorinqi üzrə regional əməkdaşlığın gücləndirilməsinə tam sadiq qalır: "Ölkə təcrübəsini bölüşməyə, texniki ekspertiza ilə töhfə verməyə, potensialın artırılmasını dəstəkləməyə və tərəfdaş ölkələr və qurumlar arasında bilik mübadiləsini asanlaşdırmağa hazırdır".

O qeyd edib ki, Türkiyə regionlar arasında praktiki və davamlı institusional potensialın inkişafına xüsusi önəm verir. Bu çərçivədə Türkiyə xüsusilə Türk Dövlətləri, Yaxın Şərq və Qərbi Balkanlarda təlim və bilik mübadiləsi üçün regional mərkəz rolunu oynamaq üçün əlverişli mövqedədir.

Ə. Gizligider bildirib ki, Türkiyə Su İnstitutunun Akademiyası vasitəsilə 53 ölkədən 2 000-dən çox mütəxəssis su idarəçiliyinin müxtəlif sahələri üzrə beynəlxalq təlim proqramlarında iştirak edib: "Hazırda bu təcrübə tullantı suları və ətraf mühitin monitorinqi sahələrinə də genişləndirilir. Keçən ilin noyabrında İstanbulda İslam İnkişaf Bankına üzv ölkələrin nümayəndələri üçün su, energetika və sanitariya üzrə regional potensialın artırılması proqramına ev sahibliyi edilib. Bu proqram texniki imkanların gücləndirilməsinə, bilik mübadiləsinin təşviqinə və su, energetika və sanitariyanın milli sistemlərə daha səmərəli inteqrasiyasına dair müzakirələrin aparılmasına töhfə verib".