Taleh Zeynalov: "Yeni qanunda "toxum əməliyyatçısı" anlayışı əksini tapıb"
- 01 sentyabr, 2026
- 12:30
Yeniliklərdən dərhal xəbərdar olun!
"Toxumçuluq haqqında" yeni qanunda "toxum əməliyyatçısı" anlayışı əksini tapıb.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Taleh Zeynalov bu günlərdə qüvvəyə minmiş "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" qanunlara həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, "toxum əməliyyatçısı" anlayışı toxum zəncirinin bütün mərhələlərini - istehsal, idxal, ixrac, tədarük, ticarət, saxlanma, təmizlənmə və digər əməliyyatları özündə əks etdirir: "Bu yenilik həm nazirlik olaraq bizim, həm də fermerlərin ölkədə dövriyyədə olan bütün toxumlara tam nəzarət etməsinə imkan verəcək".
AXA rəsmisi vurğulayıb ki, tətbiq edilən mexanizm keyfiyyətli məhsul əldə olunmasında həlledici rol oynayacaq: "Ən vacib məsələ odur ki, fermerlər keyfiyyətli toxumu, onun istehsalçısını və dövriyyəsini həyata keçirən bütün əməliyyatçıları tanıya bilsinlər. Bu da nəticədə kənd təsərrüfatında məhsuldarlığın artırılmasına xidmət edəcək keyfiyyətli toxum materialının əldə olunmasını təmin edəcək".