Tahir Rzayev: "Aqrar məhsulların bahalaşması hamını ciddi düşündürür"
- 07 oktyabr, 2026
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması hamını ciddi düşündürür.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında - "Aqrar sahə haqqında" yeni qanunun müzakirəsində bildirib.
"Bu gün ölkə ictimaiyyətini aqrar sahədə baş verən yeniliklər, qəbul olunan qanun və sənədlər, görülən işlər, əldə olunan nəticələr ciddi maraqlandırır. Hər bir kəs aqrar sahənin inkişafının, məhsul bolluğunun yaradılmasının tərəfdarıdır. Bəzi aqrar məhsulların qiymətlərinin artması hər birimizi ciddi düşündürür. Yeni qanun bu sahədə dövlət tənzimlənməsinin və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir. Sənəd geniş və əhatəlidir, yəni aqrar sektorun bütün sahələrini əhatə etməklə qanunvericilik əsasında onun idarəetmə və inkişaf istiqamətlərini özündə ehtiva edir. Məlumdur ki, aqrar sahədə çoxsaylı qanunlar mövcuddur. Ancaq müasir dövr bunların sistemləşdirilməsini, sahənin vahid qanunvericilik bazasının yaradılmasını, hüquqi çərçivədə aqrar sektora yanaşmanı zərurətə çevirir", - deyə o qeyd edib.
Bundan başqa, deputatın sözlərinə görə, aqrar sektorda bazar intervensiyası üçün doğru şərtlər müəyyən edilməlidir. "Məsələn, Türkiyədə məhsul istehsalının bol olduğu dövrdə idxal məhdudlaşdırılır. Bu, kifayət qədər sərt tədbirir. Bizdə də bazarda baş verən hadisələr məhsul bol olduqda qiymətlərin dəyişməməsi üçün gömrük rüsumlarından istifadə etməklə idxal məhdudiyyətlərinin tətbiq olunmasını zəruri edir".
"Fermerə yalnız istehsalçı kimi baxmaq doğru deyil. O, eyni zamanda alıcı və istehlakçıdır, müəyyən bazarlıq gücü var. Son zamanlar iqtisadi subyektlərlə münasibətlərimiz göstərir ki, bu gün fermer münasibətlərinin tənzimlənməsi üçün digər qanunlara da ehtiyac var.
Məsələn, ədalətsiz ticarət praktikaları, gecikdirilmiş ödənişlər, birtərəfli müqavilə dəyişiklikləri, məhsulun qəbulundan əsassız formada imtina olunması, fermerin zəif bazarlıq mövqeyindən sui-istifadə kimi halların ciddi şəkildə tənzimlənməsinə ehtiyac var. Vaxtilə "Daxili ticarət haqqında" qanunun qəbulu ilə bağlı müəyyən müzakirələr olmuşdu. Düşünürəm ki, bu məsələlər də bu qanundan sonra qəbul olunacaq hüquqi aktlarda öz əksini tapmalıdır", - deyə T.Rzayev əlavə edib.