Süni intellekt Azərbaycan fermerlərini zərərvericilərin yayılması barədə vaxtında xəbərdar edəcək
- 08 sentyabr, 2026
- 11:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda süni intellekt vasitəsilə fermerlərə xəstəlik və zərərvericilərin yayılması riskləri barədə 72 saat əvvəlcədən xəbərdarlıq ediləcək.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən panel sessiyada bildirib.
Onun sözlərinə görə, bu gün hava proqnozu üçün məlumatları 151 iqlim stansiyası təmin edir, daha 30 stansiyanın quraşdırılması planlaşdırılır. Beləliklə, iqlim stansiyalarının ümumi sayı 181-ə çatacaq.
O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin süni intellektin tətbiqi üzrə proqramı kənd təsərrüfatı bitkilərinin vəziyyətinin monitorinqini, xəstəlik və zərərvericilərin yayılması risklərinin qiymətləndirilməsini, məhsuldarlığın və suya tələbatın proqnozlaşdırılmasını, həmçinin suvarmanın idarə edilməsini nəzərdə tutur.
"Kənd təsərrüfatı bitkilərinin vəziyyətinin monitorinqi sistemi fermerlərə 72 saat qabaqcadan xəbərdarlıq etmək üçün nəzərdə tutulub. Yetişdirilən bitki nəzərə alınmaqla, sistem xəstəliklərin və zərərvericilərin yayılması kimi potensial riskləri onların kritik səviyyəyə çatmazdan əvvəl aşkar etməyə imkan verir", - Qədimova bildirib.
Nazir müavini vurğulayıb ki, ümumilikdə kənd təsərrüfatı ümumi məlumatlardan hədəfli tövsiyələrə, monitorinqdən proqnozlaşdırmaya, eləcə də itkilərə reaksiya verilməsindən onların qarşısının alınmasına keçid edir.