Seymur Səfərli: "Hər hektardan daha çox və keyfiyyətli məhsul əldə etmək əsas prioritetdir"
- 12 iyun, 2026
- 11:44
2026–2030-cu illər üçün Dövlət Proqramının əsas fəlsəfəsi daha məhsuldar, dayanıqlı, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan aqrar sektorun formalaşdırılmasıdır.
"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş regional müşavirədə bildirib.
Onun sözlərinə görə, məhsuldarlığın maksimum artırılması hazırda aqrar sektorun qarşısında duran əsas vəzifələrdən biridir. Bu istiqamətdə məqsəd yalnız əkin sahələrini genişləndirmək deyil, mövcud torpaq və su resurslarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox və keyfiyyətli məhsul əldə etməkdir.
Nazir müavini qeyd edib ki, Dövlət Proqramının başlıca məqsədi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin olunması, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, həmçinin innovasiya və rəqəmsallaşmanın geniş tətbiqidir.
S.Səfərli xatırladıb ki, proqram 5 məqsəd, 5 prioritet istiqamət, 16 fəaliyyət istiqaməti, 86 tədbir və 23 hədəf indikatorunu əhatə edir. Onun sözlərinə görə, bu göstəricilər sənədin ümumi yanaşmadan daha çox konkret hədəflərə, icra mexanizmlərinə və ölçülə bilən nəticələrə əsaslanan kompleks inkişaf proqramı olduğunu nümayiş etdirir.
"Dövlət Proqramında intensiv bağçılığın genişləndirilməsi, buğda məhsuldarlığının artırılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, aqroparkların və istixana təsərrüfatlarının inkişafı, kiçik şərabçılıq müəssisələrinin formalaşdırılması və intensiv heyvandarlıq təsərrüfatlarının sayının artırılması əsas prioritet istiqamətlər kimi müəyyən edilib.
Bununla yanaşı, proqram yalnız istehsalın inkişafını deyil, aqrar sektorun dayanıqlı inkişafını təmin edən dəstəkləyici mexanizmləri və tədbirləri də özündə birləşdirir", - S. Səfərli deyib.