Seymur Səfərli: "Buğda istehsalının artırılması üçün 22 hədəf və 8 perspektiv rayon müəyyən edilib"

ASK
  • 12 iyun, 2026
  • 11:40
Seymur Səfərli: Buğda istehsalının artırılması üçün 22 hədəf və 8 perspektiv rayon müəyyən edilib

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir.

"Report"un Ağdaşa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli Dövlət Proqramının müzakirəsi məqsədilə keçirilən regional müşavirədə bildirib.

Onun sözlərinə görə, bu sahədə yanaşma artıq daha hədəfli formalaşdırılır: "Rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır. Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Kürdəmir, Yevlax və Zərdab rayonları bu 22 rayonun siyahısına daxildir".

S. Səfərli bildirib ki, bundan əlavə, 8 perspektiv rayon müəyyən edilib: "Ağdaş, Göyçay və Ucar rayonları da bu perspektiv rayonlar sırasındadır. Bu, o deməkdir ki, su layihələri, daxili şəbəkələr və meliorativ tədbirlər tam icra olunduqdan sonra bu rayonlar da buğda üzrə ixtisaslaşmaya daha fəal şəkildə cəlb oluna bilər. Bu, rayon üçün ciddi imkan yaradır. Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir".

44 - Tezliklə